İDMAN
Azərbaycan Triatlon Federasiyasının hesabat-seçki konfransı keçirilib
Bakı, 4 sentyabr, AZƏRTAC
Milli Olimpiya Komitəsində Azərbaycan Triatlon Federasiyasının (ATF) hesabat-seçki konfransı keçirilib.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə ATF-in idarə heyətinin sədri Azər Məhərrəmov bu qurumun prezidenti seçilib.
ATF-in fəaliyyətindən məmnunluğunu vurğulayan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib: “Triatlon Federasiyasının və Azərbaycan millisinin qazandığı uğurlar bizi sevindirir. Bu uğurlara əsas nümunə kimi Rosteslav Pevtsovun birinci Avropa Oyunlarında medal qazanmasını göstərmək olar”.
A.Məhərrəmov federasiyanın fəaliyyəti ilə bağlı məlumat verib, qarşıdakı planlardan danışaraq əsas məqsədin Olimpiadaya lisenziya qazanmaq olduğunu bildirib. Qeyd edilib ki, Yay Olimpiya Oyunlarının triatlon növündə Azərbaycan heç vaxt təmsil olunmayıb. Artıq bunu reallaşdırmaq üçün hər cür imkan var. “Rio-2016”ya lisenziya uğrunda xallar qazanan R.Pevtsovun çıxışı bizi sevindirir. Düzdür, gələn ilin mayında seçmə mərhələnin bitməsini gözləməliyik. Əgər hər hansı bir fors-major baş verməsə, R.Pevtsov Olimpiya Oyunlarına vəsiqə qazanacaq”.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov triatlonun eksklüziv idman növü olduğunu vurğulayaraq birinci Avropa Oyunlarında təmsilçimizin medal qazanmasını məmnunluqla diqqətə çatdırıb. Nazir Azad Rəhimov Azər Məhərrəmova gələcək fəaliyyətində uğurlar arzulayıb.