İQTİSADİYYAT


Azərbaycan Tümen vilayətini kənd təsərrüfatı məhsulları ilə təmin edə bilər

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC

Azərbaycan ilə Rusiyanın Tümen vilayəti arasında kənd təsərrüfatı məhsullarının ixracı sahəsində əməkdaşlıq üçün geniş imkanlar var. Vilayətin kənd təsərrüfatı məhsullarına olan tələbatını vaxt və xərc itkisi azaldılmaqla Azərbaycan məhsulları hesabına təmin etmək mümkündür.

AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 2-də Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovun Rusiya Federasiyasının Tümen vilayətinin qubernatoru Vladimir Yakuşev ilə görüşündə məlumat verilib.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tümen vilayəti arasında aqrar sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi və kənd təsərrüfatı məhsullarının idxal və ixrac proseslərinin səmərəliliyinin artırılması yolları müzakirə olunub.

Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə iqtisadi, siyasi, o cümlədən aqrar sahədə geniş əlaqələrə malik olduğunu vurğulayan nazir Heydər Əsədov ölkəmizdə qeyri-neft sektorunun aparıcı istiqamətlərindən olan kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğıdan danışıb.

Bildirilib ki, Azərbaycanın iqlim şəraiti kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün əlverişlidir. Bu baxımdan ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsulları ekoloji baxımdan keyfiyyəti ilə seçilir.

Görüşdə nazir ölkəmizin ixrac potensialı ilə bağlı ətraflı məlumat verib, əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb. Nazir Heydər Əsədov vilayətin ehtiyac duyduğu kənd təsərrüfatı məhsullarının idxal və ixrac potensialı əsasında qabaqcadan müəyyənləşdirilərək, Tümen sahibkarlarının birbaşa sifarişi əsasında Azərbaycandan qarşı tərəfə ixrac olunmasını təklif edib.

VII Azərbaycan–Rusiya Regionlararası Forumunda iştirak etmək üçün Bakı şəhərində səfərdə olan Tümen vilayətinin qubernatoru Vladimir Yakuşev görüşdən məmnun qaldığını bildirib, nazir tərəfindən irəli sürülən təklifin təqdirəlayiq olduğunu qeyd edib.

Sonda qaldırılan məsələlər ilə bağlı işçi qrupu səviyyəsində qarşılıqlı müzakirələrin aparılmasına dair ilkin razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.