MƏDƏNİYYƏT
Azərbaycan Turizm İnstitutu və Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında qarşıdakı 4 il üçün ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanmışdır
Bakı, 21 aprel (AZƏRTAC). Aprelin 21-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin ölkəmizdə səfərdə olan Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin rektoru Heinz Boyerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Turizm İnstitutunun (ATİ) bu sahədə kadr hazırlayan yeganə təhsil ocağı olduğunu deyən Ə.Qarayev 4 il əvvəl verdiyi diplomlar bütün dünyada tanınan Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə bu təhsil müəssisəsi arasında müqavilə imzalandığını xatırlatmışdır. Qeyd etmişdir ki, iki ali təhsil müəssisəsi arasında qarşılıqlı əməkdaşlıq nəticəsində ötən il ATİ-nin 17, bu il isə 25 məzunu ikili diplom almışdır. Azərbaycan Prezidentinin tapşırığına əsasən, Turizm İnstitutunun nəzdində kolleclərin açılmasına başlanılmışdır. Məqsədimiz turizm sektorunda peşəkarların sayını artırmaqdır.
H.Boyer turizmin insanlara iş yerləri yaradan xidmət sahəsi olduğunu və bunun üçün də beynəlxalq standartlara uyğun kadrlar hazırlamağın vacibliyini bildirmişdir. Qonaq demişdir ki, Azərbaycan ilə 4 illik əməkdaşlığımızın gedişində mütəxəssislərimiz ölkənizdəki iqtisadi inkişafdan və Turizm İnstitutunun fəaliyyətindən razı qalmışlar. Qonaq Azərbaycanda turizm şəbəkəsinin gündən-günə genişlənməsi, tikilməkdə olan hotellərin sayının getdikcə artması ilə əlaqədar bu şəbəkədə çalışmaq üçün hərtərəfli biliyə malik kadrlara ehtiyac olacağı barədə də danışmışdır.
ATİ-nin rektoru Cəfər Cəfərov ikili diplom eksperimentini Azərbaycan təhsil sistemində yenilik kimi qiymətləndirmiş və göstərilən etimada görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir. Rektor, həmçinin bu sahədə Avstriyanın daha bir ali təhsil müəssisəsi - Vyana Universiteti ilə də əməkdaşlıq istiqamətində iş aparıldığını diqqətə çatdırmışdır.
Görüşdə növbəti ATİ ilə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında qarşıdakı 4 il üçün ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanmış və qonaqlarla xatirə şəkilləri çəkilmişdir.
Əməkdaşlıq müqaviləsini ATİ-nin rektoru C.Cəfərov və Avstriya Krems Tətbiqi Elmlər Universitetinin rektoru H.Boyer imzalamışlar.