MƏDƏNİYYƏT
Azərbaycan Turizm İnstitutunda “Alternativ turizmin inkişafı” mövzusunda konfrans keçirilmişdir
Bakı, 18 dekabr (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunda (ATİ) “Alternativ turizmin inkişafı” mövzusunda konfrans keçirilmişdir.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, konfransı giriş sözü ilə açan rektor, tarix elmləri doktoru, professor Cəfər Cəfərov ölkəmizin mövcud turizm potensialından, bu istiqamətdə həyata keçirilən layihələrdən danışmışdır.
Son illərdə rəhbərlik etdiyi institutda gənc kadırların yetişməsi istiqamətidə aparılan məqsədyönlü işlərdən söz açan natiq kütləvi turizmdən fərqli olaraq, alternativ turizmin insanları bir-birinə yaxınlaşdıran, dostlaşdıran istirahət növü olduğunu vurğulamışdır. Bildirilmişdir ki, alternativ turizmə əsasən kiçik və orta sahibkarlıq müstəvisində fəaliyyət göstərən müəssisələr, eləcə də ailə və dostların təşəbbüsünə əsaslanan kənd turizmi, ekoturizm, macəra və digər turizm növləri daxildir.
Rektor bu turizm növünün ətraf mühitin qorunması, yerli milli adət-ənənələrin tanınması, xüsusilə təbiətlə daha çox təmasda olmaq imkanını ehtiva etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Konfransda “Sağlamlaşdırma turizmində palçıq müalicəsinin rolu”, “Tarixi dini abidələrin mühafizəsi”, “Azərbaycanda xalçaçılıq sənəti və xalçaçılıq məktəbi” və digər mövzularda məruzələr dinlənilmişdir.
Məruzələrdə Azərbaycanda palçıq vulkanlarının milli sərvət kimi mühafizə olunması, son vaxtlar ölkəmizdəki dini-tarixi abidələrə turistlərin marağının çoxalması, milli mənəvi dəyərlərimizin qorunması, nəsildən-nəslə ötürülməsi və inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri və digər məsələlər ətraflı şəkildə şərh edilmişdir.
Çıxışlarda memarlıq abidələrinin yerləşdiyi ərazilərdə infrastrukturun yaradılması, həmin yerlərdə bələdçilik fəaliyyətinin təşkili, bu ərazilərə turizm marşrutlarının daxil edilməsi və digər məsələlərin həlli məqsəduyğun hesab edilmişdir.
Sonda konfransda səsləndirilən təkliflərin həlli istiqamətində müvafiq qurumlarla birgə iş görüləcəyi diqqətə çatdırılmışdır.