ELM VƏ TƏHSİL
Azərbaycan Turizm və Menecment Universiteti Mövlanə Mübadilə Proqramından faydalanır
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) 5 tələbəsi Mövlanə Mübadilə Proqramı çərçivəsində təhsillərini bir semestr müddətində Türkiyənin Qazi, Akdeniz, Ege və Kastamonu universitetlərində davam etdirmək imkanı qazanıblar.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, proqram iştirakçılarından 4-ü təhsil aldığı müddətdə Türkiyə hökuməti tərəfindən müəyyən edilən məbləğdə təqaüd alacaq. Təhsillərini uğurla başa vuran tələbələrə iştirakçı sertifikatı veriləcək.
İndiyədək ATMU-nun 4 tələbəsi Mövlanə Mübadilə Proqramının iştirakçısı olub. Bundan əlavə, Antalyanın Akdeniz Universitetinin iki müəllimi ATMU-da, bu ali məktəbin bir müəllimi isə Akdeniz Universitetində həftə ərzində dərs keçiblər.
Qeyd edək ki, ATMU artıq Mövlanə Mübadilə Proqramı çərçivəsində Türkiyənin 20-dən çox nüfuzlu universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Gələn tədris ilindən fəal əməkdaşlığa daha bir neçə universitetin qoşulması nəzərdə tutulur. Növbəti tədris ilindən magistratura pilləsində təhsil alan tələbələrin seçim yolu ilə proqramda iştirakı da gözlənilir.