ELM VƏ TƏHSİL
Azərbaycan Turizm və Menecment Universiteti “Türk Hava Yolları” ilə əməkdaşlıq edəcək
Bakı, 27 aprel, AZƏRTAC
Aprelin 27-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Türk Hava Yolları”nın Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas ilə görüş olub.
ATMU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali təhsil ocağının rektoru vəzifəsini icra edən Eldar Aslanov Azərbaycan-Türkiyə əlaqələrinin dinamik inkişaf tendensiyasından məmnunluğunu vurğulayıb. O, ATMU ilə Türkiyənin nüfuzlu universitetləri arasında qurulmuş əməkdaşlıq nəticəsində tələbə-müəllim mübadiləsindən və təcrübə imkanlarından danışıb.
E.Aslanov ATMU-nun “Türk Hava Yolları” ilə tədris, təlim və təcrübə sahəsində əməkdaşlığa xüsusi önəm verdiyini, bu baxımdan həmin şirkətdə tələbələr üçün təcrübə imkanlarının yaradılmasının əhəmiyyətini vurğulayıb. O, şirkət nümayəndələrinin tədris prosesində iştiraklarının hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib.
Sonda yaxın günlərdə ATMU ilə “Türk Hava Yolları” Bakı nümayəndəliyi arasında anlaşma memorandumunun imzalanması qərara alınıb.