ELM VƏ TƏHSİL
Azərbaycan Turizm və Menecment Universitetində Dil Mərkəzi açılıb
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşəbbüsü, Beynəlxalq Miqrasiya və İnkişaf Mərkəzinin maliyyə dəstəyi ilə (CİM) Dil Mərkəzi açılıb.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, açılış mərasimində Almaniya, Misir, İtaliya, Meksika və Kolumbiyanın ölkəmizdə fəaliyyət göstərən səfirliklərinin nümayəndələri iştirak ediblər.
Tədbirdə universitetin rektoru, professor Cəfər Cəfərov yeni yaranan Dil Mərkəzinin ali təhsil ocağının həyatında əhəmiyyətli rol oynayacağına əminliyini bildirib.
GİZ və CİM–in ATMU-da fəaliyyət göstərən əməkdaşları Julius Arnegger və Karla Ramirez müasir ali təhsil sistemində dil mərkəzlərinin əhəmiyyətindən danışıblar.
Sonda Julius Arnegger və Karla Ramirezə ölkəmizdəki missiyalarını uğurla başa vurduqlarına görə universitet tərəfindən təşəkkürnamə təqdim olunub.
Qeyd edək ki, Dil Mərkəzinin fondunda artıq dünyanın müxtəlif dillərində nəşr olunan 600 nüsxədən çox kitab var.