ELM VƏ TƏHSİL
Azərbaycan Turizm və Menecment Universitetində ərəb dili kursları təşkil edilib
Bakı, 26 iyul, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) inzibati və pedaqoji heyət üzvlərinin xarici dilləri bilmək səviyyəsini yüksəltməkdən ötrü xüsusi kursların təşkilinə böyük önəm verilir. Ali təhsil müəssisəsində ingilis və italyan dili kursları öz fəaliyyətini başa çatdırıb.
ATMU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilir ki, bu günlərdə Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin dəstəyi ilə universitetin inzibati-pedaqoji heyət üzvləri üçün fəaliyyəti 3-5 ay nəzərdə tutulan ərəb dili kursu təşkil olunub. Ərəb dili kursu doktor Əşrəf Əbdülqadir Fərəq Mohamed tərəfindən aparılır.
Qeyd edək ki, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən Bakıya dəvət olunan Əşrəf Əbdülqadir Fərəq Mohamed ölkəsinin maliyyə yardımı ilə Bakı Dövlət, ADA, Avrasiya universitetlərində, həmçinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində ərəb dilini tədris edir. O, ərəb dili və ədəbiyyatına dair bir sıra məqalələrin müəllifidir.