MƏDƏNİYYƏT
Azərbaycan Turizm və Menecment Universitetində peşəkarlar və tələbələr üçün silsilə təlimlər keçirilir
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Tədbirlər menecmentində qabaqcıl metodlar” mövzusunda təlimlərə başlanılıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “BP Azərbaycan” şirkətinin nümayəndəsi Zaur Cəbrayılın apardığı təlimin əsas məqsədi tədbirlərin idarə olunması sahəsinə maraq göstərən peşəkarlara və tələbələrə fundamental və qabaqcıl praktiki biliklər aşılamaqdan ibarətdir.
Tədbirlər menecmentində qabaqcıl metodların biznes sahəsində tətbiqinin üstünlüklərini ABŞ, Böyük Britaniya və Türkiyə iqtisadiyyatının timsalında şərh edən təlimçi Z.Cəbrayıl, həmçinin Azərbaycanda da bu sahənin dərindən və peşəkar səviyyədə inkişafı üçün onun təlim-tədris prosesinə daxil edilməsinin vacibliyini diqqətə çatdırıb. O, ölkədə tədbirlər sahəsinin vətəndaşlar üçün iş və peşəkar inkişaf imkanının yaradılmasında, milli, regional, yerli səviyyədə ictimai infrastrukturun inkişafında, turistlərin cəlb olunmasında, daxili investisiyaların, o cümlədən mədəniyyətlərarası dialoqun və innovativ biliklərin mübadiləsi çərçivəsində genişləndirilməsində və sair sahələrdə zəruriliyini qeyd edib.
ATMU-nun rektoru, professor Cəfər Cəfərov təlimin sənaye və təhsilin əməkdaşlığında səmərəli rol oynayacağına əminliyini bildirib. Azərbaycan təhsilinin qarşısında duran vəzifələrin uğurlu icrasını hər kəsin ümdə vəzifəsi kimi dəyərləndirib.
Silsilə təlimlər bir ay davam edəcək.