ELM VƏ TƏHSİL
Azərbaycan Turizm və Menecment Universitetində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib
Bakı, 15 sentyabr, Ceyhun Alışlı, AZƏRTAC
Sentyabrın 15-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2016/2017-ci il tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə ATMU-nun rektor səlahiyyətlərini icra edən, dosent Eldar Aslanov Bilik günü münasibətilə tələbələri təbrik edərək, onlara yeni uğurlar arzulayıb. Universitetin 11 illik fəaliyyəti dövründə ölkənin ali təhsil ocaqları arasında bir sıra nailiyyətlərə imza atdığını deyən E.Aslanov qeyd edib ki, indiyədək 1600 məzun universitetin bakalavr pilləsini bitirib, onlardan 106-sı magistr dərəcəsi alıb. Onun sözlərinə görə, tələbələrdən 151-i ilk dəfə olaraq bakalavr və magistr pilləsində Azərbaycan Turizm və Menecment Universitetinin, o cümlədən Avstraliyanın İMC Krems TEU-nun diplomunu alıb. Qeyd olunub ki, bu tədris ilində universitet tələbələrindən 13-ü Türkiyədə, 1-i Kiprdə, 30-u İsraildə, 2-si İspaniyada, 1-i Rusiyada və 200-dən çoxu isə Azərbaycanda istehsalat təcrübəsini uğurla başa vurub.
E.Aslanov vurğulayıb ki, yeni tədris ilində ATMU-ya 13 ixtisas üzrə qəbul olunan 454 tələbədən 81-i dövlət sifarişi əsasında, 373-ü isə ödənişli əsaslarla təhsilini davam etdirəcək. Beləliklə, universitetin bakalavr pilləsində 1744, ikinci ali təhsildə 41, magistr pilləsində 134, doktorantura pilləsində isə 59 nəfər təhsil alır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yeni tədris ilinin başlanması münasibətilə tələbə və müəllimləri təbrik edib, ATMU-nun tələbəsi adını qazananların istəklərinin reallaşmasında hər bir gəncin 11 illik zəhmətinin bu istiqamətdə bəhrə verdiyinə məmnun olduğunu bildirib.
Ölkədə turizm sektorunun inkişafına toxunan nazir deyib: “Son illər regionlarda turizm infrastrukturunun gücləndirilməsi, çoxsaylı yeni turizm obyektlərinin istifadəyə verilməsi, təbii və mədəni turizm destinasiyalarının turist cəlbediciliyi baxımından inkişafı və ölkənin tanıdılması istiqamətində önəmli tədbirlərin təşkili məhz, qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan turizmin inkişafı deməkdir. Prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı isə ölkənin dinamik inkişaf sferasında turizmin yeni mərhələyə qədəm qoyduğunun bariz nümunəsidir”.
Daha sonra nazir ATMU-da yaradılan təhsil imkanlarından faydalanmaqla bərabər, eyni zamanda, bir neçə xarici dili yaxşı mənimsəməyi və öyrənməyi də tələblərə tövsiyə edib.
Sonda ATMU-ya yüksək balla qəbul olan 7 tələbəyə tələbə biletləri təqdim olunub.