ORDU
Azərbaycan Türkiyədə keçirilən çoxmillətli hərbi təlimlərdə iştirak edəcək
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən “TurAz Şahini 2015” təlimləri başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 MiQ-29 qırıcı, 3 Su-25 hücum və İl-76 hərbi-nəqliyyat təyyarəsi müştərək təlimlərdə iştirak etmək məqsədilə Türkiyənin Konya şəhərində yerləşən aviabazaya gəlib.
Eyni zamanda, “İŞIK-2015” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 Mi-17 döyüş-nəqliyyat helikopteri də təlim keçiriləcək Konyadakı aviabazaya yollanıb.
Təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı, bir sıra ölkələrin Hərbi Hava Qüvvələrinin vasitələri müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən axtarış-xilasetmə və digər tapşırıqları yerinə yetirəcək.
Təlimlər aprelin 13-dək davam edəcək.