SİYASƏT
Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyasının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı, 2 oktyabr (AZƏRTAC). İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyasının dördüncü iclasının iştirakçıları oktyabrın 2-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr ediblər.