İDMAN
Azərbaycan U-17 Avropa çempionatında Şotlandiya, Belçika və Portuqaliya milliləri ilə eyni qrupda yarışacaq VİDEO
Bakı, 8 aprel, Elşad Qəzvini, AZƏRTAC
Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin aprelin 8-də Bakı Olimpiya Stadionunda püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, püşkatmadan sonra hər birində dörd komanda olan dörd qrupda rəqiblər bəlli olub.
Mərasimdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, AFFA-nın rəhbərliyi, Avropa və ölkə futbolunun tanınmış simaları, o cümlədən italiyalı məşhur futbolçu, qapıçı Françesko Toldo, turnirin UEFA və yerli Təşkilat komitələrinin üzvləri və digər şəxslər iştirak ediblər.
Azərbaycan çempionata ev sahibliyi etdiyi üçün milli komandamız əvvəlcədən “A” qrupunda yer alıb. Püşkün nəticələrinə görə, bu qrupda millimizin rəqibləri Portuqaliya, Şotlandiya, Belçika olub. “B” qrupunda Ukrayna, Almaniya, Avstriya, Bosniya və Herseqovina yığma komandaları yer alıb. Fransa, Danimarka, İngiltərə, İsveç milliləri isə çempionatın “C” qrupunda yarışacaqlar. Sonuncu – “D” qrupunda isə İtaliya, Serbiya, Hollandiya və İspaniya komandaları üz-üzə gələcəklər.
Mərasimdə mayın 5-21-də keçiriləcək Avropa çempionatının qrup və digər mərhələlərinin oyunlarının təqvimi də müəyyənləşib. Qrup mərhələsinin görüşləri mayın 5-6-da, 8-9-da və 11-12-də oynanılacaq. Hər qrupdan iki komandanın yüksəldiyi dörddəbir final mərhələsinin qarşılaşmaları mayın 14-15-də, yarımfinal oyunları ayın 18-də, final görüşü isə mayın 21-də keçiriləcək.
Çempionatın oyunları Bakı Olimpiya Stadionu, “Dalğa Arena”, “Qarabağ Stadium” və 8-ci kilometr qəsəbə stadionunda təşkil olunacaq.
Mayın 5-də Bakı Olimpiya Stadionundakı açılış mərasimindən sonra Azərbaycan və Portuqaliya milliləri qarşılaşacaq. Komandamız mayın 8-də Belçika, mayın 11-də isə Şotlandiya ilə üz-üzə gələcək.