SİYASƏT
Azərbaycan-Ukrayna strateji tərəfdaşlıq əlaqələri uğurla inkişaf edir
Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 20-də Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, işçi qrupun rəhbəri Rüfət Quliyev ölkələrimizin müxtəlif sahələrdə çoxtərəfli faydalı əməkdaşlığından geniş söz açıb. O, səfərin ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsinə yaxşı töhfə verəcəyinə əminliyini bildirib. Deputat xalqlarımız arasında bir əsrdən artıq hökm sürən tarixi dostluqdan, əlaqələrimizin dərinləşməsində dövlət başçılarının qarşılıqlı görüşlərinin mühüm rolundan danışıb. O, beynəlxalq qurumlardakı birgə əməkdaşlığı da yüksək qiymətləndirərək deyib ki, Ukrayna hər zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın haqlı mövqeyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Rüfət Quliyev Ukraynada 300 min soydaşımızın yaşadığını, dost ölkədə onlar üçün bütün lazımi şəraitin yaradıldığını, bu ölkənin həmvətənlərimizin doğma evinə çevrildiyini diqqətə çatdırıb.
Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Maksim Kuryaçiy səmimi qonaqpərvərlik üçün təşəkkür edərək ölkələrimizin müxtəlif sahələrdəki yüksək əməkdaşlığından geniş söz açıb. Qanunverici orqanlar arasındakı əlaqələri yüksək qiymətləndirən qonaq ölkələrimiz arasında iqtisadi, ticari, mədəni əlaqələrin gücləndirilməsi sahəsində perspektivlərdən danışıb.
Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ölkələrimiz arasında diplomatik münasibətlərin inkişafından, deputat, işçi qrupun üzvü Cavid Qurbanov ticari əməkdaşlığın durumundan, deputat Elmira Axundova əlaqələrin genişlənməsi perspektivlərindən söhbət açıblar.