REGİONLAR
Azərbaycan Ulu Öndərin qətiyyəti sayəsində güclü dövlətə çevrildi
Sabirabad, 11 may, Mahir Babayev, AZƏRTAC
Sabirabadda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdə Ulu Öndərin xatirəsinə sonsuz məhəbbət nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi, yüzlərlə sadə sabirabadlı Ulu Öndərin abidəsi önünə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Tədbir çərçivəsində Heydər Əliyev mərkəzində təşkil edilən kitab sərgisində nümayiş olunan Ümummilli Liderin 41 cildliyi, Ulu Öndərə və dövlət başçısına həsr olunan kitablar, yeni və qədim nəşrlər maraqla qarşılanıb.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin çağdaş tariximizdəki misilsiz xidmətləri haqqında ətraflı məlumat verib. İstiqlalını yenicə bərpa edən Azərbaycanın Heydər Əliyev məfkurəsi ilə məhv olmaq təhlükəsindən xilas olduğunu deyən natiq qeyd edib ki, məhz Ulu Öndərin qətiyyəti ilə dövlətçiliyin iqtisadi, siyasi əsasları yaradıldı, müstəqil və güclü dövlətə sahib olmaq arzusu reallığa çevrildi.
Bildirilib ki, fenomen tarixi şəxsiyyətə dünyanın böyük etimadı Azərbaycanı regional müstəvidən beynəlxalq müstəviyə keçirtdi və tezliklə ölkəmiz dünya birliyində böyük nüfuza sahib oldu.
Vurğulanıb ki, Ulu Öndər regionların inkişafını həmişə nəzarətdə saxlayırdı və bu gün həmin xətt regionlarda, o cümlədən Sabirabadda Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Son illər rayonda istifadəyə verilən təhsil, səhiyyə, mədəniyyət ocaqları, iri infrastruktur layihələr bunun bariz nümunəsi kimi dəyərləndirilib.
Tədbirdə Prezident İlham Əliyevin yeritdiyi uğurlu daxili və xarici siyasət, Azərbaycanın dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanması, artan iqtisadi və siyasi qüdrəti xüsusi vurğulanıb.
Həmin gün rayonda Ulu Öndərin xatirəsinə həsr olunmuş ağacəkmə kompaniyası keçirilib, küçə və xiyabanlarda, magistral yol kənarlarında 6500 ədəd ağac və gül kolları əkilib, mövcud yaşıllıqlara qulluq göstərilib.