ELM VƏ TƏHSİL
Azərbaycan Universitetinin müəllimlərinə CELTA sertifikatları təqdim olunub
Bakı, 5 sentyabr, AZƏRTAC
Azərbaycan Universitetində xarici dillər-2 kafedrasının müəllimlərinə CELTA sertifikatları (Certificate in English Language Teaching to Adults) təqdim edilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, CELTA sertifikatı dünyanın hər yerində ingilis dilini tədris edə bilmə imkanı yaradır.
Bu münasibətlə təşkil edilən tədbirdə bu ali məktəbin rektoru Fərid Əhmədov qeyd edib ki, müəllimlərin peşəkar inkişafına investisiya qoymaqla universitetlərin inkişafına nail olmaq mümkündür. Rektor müəllim-tələbə münasibətlərinin yeni müstəvidə qurulmasının labüdlüyünü və əhəmiyyətini vurğulayıb, bu istiqamətdə müəllimlərə tövsiyələrini verib.
Beynəlxalq səviyyədə tanınan, ingilis dili müəllimliyi sahəsində dünyanın başqa ölkələrində də iş tapmaq imkanlarını genişləndirən CELTA təlimləri Azərbaycan Universitetində iyunda təşkil olunub. Bir aylıq intensiv təlimlərdə 11 müəllim iştirak edib. Müəllimlərin performansı “Cambridge English” təşkilatı tərəfindən sertifikatlaşdırılıb. Təlimlərin təşkilinə isə qurumun tərəfdaşı olan “International Training Institute”un İstanbul şöbəsi cavabdehlik daşıyıb.
Müəllimlər həm təlimdən əvvəl, həm də təlim zamanı ciddi hazırlıq mərhələsindən keçiblər. Təlim müddətində müəllimlərin performansı hər dərs üçün hazırladıqları dərs planları, tədris edəcəkləri mövzu ilə bağlı iştirakçılar üçün hazırladıqları tapşırıqlar, əlavə material üzrə hazırlıq, oxuma, iştirakçıların fəallığı kriteriyaları üzrə dəyərləndirilib.