ELM VƏ TƏHSİL


“Azərbaycan Universitetləri tanıtımı” layihəsi keçiriləcək

Bakı, 18 may, Zərəngiz Mansurova, AZƏRTAC

İyunun 3-də “Hədəf Kursları”nın “Azadlıq” filialının sərgi zalında “Hədəf Global”ın layihəsi əsasında Azərbaycan universitetlərinin sərgisi təşkil olunacaq.

Layihənin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi Azərbaycanda fəaliyyət göstərən dövlət və özəl universitetləri və orta ixtisas məktəblərini abituriyentlərə tanıtmaqdır.

“Hər tədris ilinin sonunda abituriyentlər universitet və ixtisas seçimində müəyyən çətinliklər çəkirlər. Buna səbəb abituriyentlərin ölkəmizdə fəaliyyət göstərən ali məktəblər, xüsusən də həmin ali məktəblərdə yeni yaradılan ixtisaslar haqqında yetərli məlumata sahib olmamalarıdır. Bu məqsədlə sərgidə abituriyentlərlə universitet və orta ixtisas məktəbləri nümayəndələrinin görüşü təşkil ediləcək. Görüşdə ali və orta ixtisas məktəblərinin təmsilçiləri öz qurumları haqqında abituriyentlərə ətraflı məlumat verəcək, abituriyentləri maraqlandıran suallar cavablandırılacaq”-, deyə layihənin rəhbəri vurğulayıb.

Bildirilib ki, iştirakçı təhsil müəssisələri və ziyarətçilər sərgidən ödənişsiz şəkildə yararlana biləcəklər. Bir neçə beynəlxalq təhsil sərgisini nəzərə almasaq, ölkəmizdə hələ ki, bütün Azərbaycan universitetlərinin iştirakı ilə təşkil olunan belə bir tanıtım sərgisi keçirilməyib. Ona görə də “Azərbaycan Universitetləri tanıtımı” layihəsini bu istiqamətdə ilk hesab etmək olar. Xaricdə yaşayan azərbaycanlıların və əcnəbi tələbələrin də ölkəmizdə təhsil ala bilmələri üçün gələcək illərdə layihənin xarici ölkələrdə də təşkili planlaşdırılır.

Qeyd edək ki, layihədə iştirak etmək istəyən təhsil müəssisələri mayın 25-dək iştiraklarını təsdiqləməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.