İDMAN
Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti seçilib
Bakı, 12 oktyabr, AZƏRTAC
Oktyabrın 12-də Milli Olimpiya Komitəsində Azərbaycan Voleybol Federasiyasının yeni prezidentinin müəyyən olunması ilə bağlı iclas keçirilib. İclasda federasiyanın prezidenti vəzifəsinə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov seçilib.
Bu barədə AZƏRTAC-a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.
İclasda çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda voleybol idmanının zəngin ənənələrinin olduğunu bildirib. Nazir qeyd edib ki, idmanın hər bir növündə olduğu kimi, voleybolda da nəsil dəyişdikcə yeniliklər baş verir. Azərbaycan Voleybol Federasiyasının son illər mühüm uğurlar qazandığını diqqətə çatdıran A.Rəhimov bu qurumun yeni prezidenti vəzifəsinə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun namizədliyinin irəli sürüldüyünü vurğulayıb. “Voleybolumuzun daha da inkişafı hər birimizin arzusudur. Hədəfimiz isə komandamızın 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına vəsiqə qazanmasıdır”, - deyə nazir əlavə edib.
Sonra Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Vaqif Əliyev idmanın bu növünün inkişafı istiqamətində son illər görülmüş işlərə dair hesabat məruzəsi ilə çıxış edib.
Daha sonra səsvermə keçirilib və Cavid Qurbanov Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilib.
Federasiyanın yeni prezidenti Cavid Qurbanov voleybolun idmanın geniş yayılmış növlərindən olduğunu vurğulayaraq deyib: “2017-ci ildə Bakıda voleybol üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılacaq. Biz bu məsuliyyətli və mötəbər tədbirə ciddi hazırlaşmalıyıq. Komandamızda məşqçi və digər məsələlərlə bağlı dəyişikliklər olacaq”.
Xatırladaq ki, Azərbaycan Voleybol Federasiyasının əvvəlki prezidenti nəqliyyat naziri Ziya Məmmədov olub.