SİYASƏT


Azərbaycan XİN İsveçrə şahmatçısının adını arzuolunmaz şəxslər siyahısından çıxarıb

A+ A

Bakı, 4 avqust, AZƏRTAC

İsveçrə Konfederasiyasının şahmatçısı Yannik Pelletiyer Azərbaycan Xarici İşlər Nazirliyinə məktubla müraciət edib.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, şahmatçı Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və qanunlarına tam hörmət etdiyini, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə bilmədən səfər etdiyini bildirib. O, səfərin fəsadları barədə əvvəlcədən məlumatlı olmadığını və bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik mənası daşımadığını vurğulayıb.

Yannik Pelletiyer səfərlə əlaqədar təəssüfünü ifadə edərək, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın zəbt edilmiş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib. O, bu qondarma rejimin Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində yaradıldığını yazıb.

Qanunsuz səfər ilə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istəyən Yannik Pelletiyer işğal olunmuş ərazilərə gələcəkdə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.

Şahmatçı qeyd olunanları nəzərə alaraq, 2016-cı il avqustun 20-dən sentyabrın 20-dək Bakıda keçiriləcək 42-ci Dünya Şahmat Olimpiadası və FIDE-nin 87-ci Konqresində iştirak etmək üçün Azərbaycana səfər etməsinə icazə verilməsini xahiş edib.

Yannik Pelletiyerin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun Azərbaycana səfər etməsi üçün viza rəsmiləşdirilməsinin həyata keçirilməsi barədə qərar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.