MƏDƏNİYYƏT
Azərbaycan Xalça Muzeyi diplomatlarda zəngin təəssürat yaradıb
Bakı, 3 may, AZƏRTAC
Azərbaycan Respublikasında səfərdə olan İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığında fəaliyyət göstərən diplomatik nümayəndəliklərin başçılarından ibarət nümayəndə heyəti mayın 3-də Azərbaycan Xalça Muzeyi ilə tanış olub.
Qonaqlara məlumat verilib ki, muzeyin ekspozisiyası xalça sənətində əsas bədii istiqamətləri dəqiq əks etdirməklə xalçaların özünəməxsus xüsusiyyətlərini, həmçinin materiallarını, işləmə texnikalarını, incə və dərin bədii xüsusiyyətləri ilə ahəngdarlığını aydın şəkildə göstərir.
Diqqətə çatdırılıb ki, hazırda muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır. Muzeydə xalça və xalça məmulatları, metal məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur. Bu kolleksiyanın ziyarətçilərə təqdimatı üçün binada ideal şərait yaradılıb.
Muzeyin “qızıl fondu”nu xovlu xalçalar təşkil edir. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbi – Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəbləri təmsil olunub. Muzeyin kolleksiyasında xovsuz xalçaların nadir nümunələri də saxlanılır.
Məlumat verilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük səyləri sayəsində milli xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib. Hər il noyabrın 16-sı ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd edilir.
Muzeydə quraşdırılmış xüsusi monitorda dünya kolleksiyalarında saxlanılan Azərbaycan xalçaları, avropalı rəssamların əsərlərində bu xalçaların rəsmləri nümayiş etdirilir. Böyük Britaniyadakı Viktoriya və Albert Muzeyinin kolleksiyasında saxlanılan məşhur “Şeyx Səfi” xalçasının reproduksiyası da diqqəti cəlb edir. Muzeyin ekspozisiyasında nümayiş etdirilən və ehtiyat fondlarda saxlanılan xalçalar arasında XVII-XX əsrlərdə yaradılmış məşhur kompozisiyaları da görmək olar.
Muzeyin sərgi konsepsiyası adi sərgilərdən fərqlənir. Əsas eksponatlar - xalçalar qövsşəkilli divarlardan asılır. Bunların da əksi bütün yuxarı mərtəbələrin əksər yerlərindən görünür. Bunun sayəsində sərginin böyük hissəsini müxtəlif rakurslardan görmək mümkündür. Muzeyin terrasında - açıq səma altında sərgilər təşkil edilir.
Azərbaycan Xalça Muzeyi əcnəbi diplomatlarda zəngin təəssürat yaradıb.