MƏDƏNİYYƏT
Azərbaycan Xalça Muzeyi qonaqlarda böyük maraq doğurub
Bakı, 3 mart, AZƏRTAC
Bakıda keçirilən Dünya Xəbər Agentlikləri Konqresi Şurası iclasının və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) yaradılmasının 95-ci ildönümünə həsr edilən tədbir iştirakçılarının bir qrupu martın 3-də Azərbaycan Xalça Muzeyi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, qonaqlar muzeyin zalları ilə tanış edilib, onlara bu mədəniyyət ocağının fəaliyyəti və strukturu haqqında məlumat verilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2008-ci ildə Azərbaycan Xalça Muzeyinin inşasına başlanılıb. 2014-cü ildə ölkə başçısının iştirakı ilə muzeyin təntənəli açılışı olub. O gündən muzey böyük marağa səbəb olub və hər gün yüzlərlə ziyarətçinin ən sevimli yerinə çevrilib.
Diqqətə çatdırılıb ki, hazırda muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır. Muzeydə xalça və xalça məmulatları, metal məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur. Bu kolleksiyanın ziyarətçilərə təqdimatı üçün binada ideal şərait yaradılıb.
Bildirib ki, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə “Azərbaycan xalça sənəti” 2010-cu ildə UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.
Qonaqlara ölkəmizdə xalça istehsalından, Azərbaycan xalqının həyatında xalçaların müstəsna rol oynadığı qədim dövrlərdən bəhs edən film nümayiş olunub.