MƏDƏNİYYƏT
Azərbaycan Xalça Muzeyində “Ailə festivalı” keçirilir
Bakı, 25 iyun, AZƏRTAC
İyunun 25-dən 26-dək Azərbaycan Xalça Muzeyində “Ailə festivalı” keçirilir. Festival “muzey” anlayışının çərçivəsini genişləndirərək onu ailəvi istirahət üçün maraqlı məkana çevirmək məqsədi daşıyan yeni təşəbbüsdür. Xarici ölkələrdən fərqli olaraq Azərbaycan muzeylərində məxsusi ailəvi proqramlar yoxdur və uşaqlar muzeylərə çox vaxt məktəb ekskursiyaları çərçivəsində yaşıdları ilə birlikdə gedirlər.
AZƏRTAC xəbər verir ki, festival Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Xalça Muzeyində keçirilir.
Azərbaycan Xalça Muzeyi artıq ölkənin ən populyar muzeyinə çevrilib. Ancaq muzeyin nəzdində fəaliyyət göstərən Uşaq Muzeyi və uşaq dərnəkləri barədə çox az adam məlumatlıdır. Uşaq Muzeyi məxsusi olaraq bu festival üçün maraqlı oyunlar və “valideyn+uşaq” cütlüyündə işləmək üçün vorkşoplar hazırlayıb. Ekskursiya şöbəsi muzeyin kolleksiyası və tarixi ilə daha ətraflı tanış olmaq üçün 20 dəqiqəlik mini-turlar təqdim edəcək.
Tədbirlərin çoxu 6 yaş və ondan yuxarı uşaqlar üçün nəzərdə tutulub. Amma 3 yaşından böyük olan uşaqlar üçün də oyunlar nəzərdə tutulub. Məktəbəqədər yaşlı uşaqlar üçün oyunların çoxu onların valideynlərinin iştirakını nəzərdə tutur. Tədbirlərin demək olar hamısı üç dildə - Azərbaycan, ingilis və rus dillərində aparılır. Hər bir tədbir haqqında ətraflı informasiya muzeyin saytında və “Facebook” səhifəsində yerləşdirilib.