MƏDƏNİYYƏT


Azərbaycan Xalça Muzeyində “Ailə günü”

A+ A

Bakı, 30 iyul, AZƏRTAC

İyulun 30-da Azərbaycan Xalça Muzeyinin uşaq muzeyi şöbəsinin təşəbbüsü və “Azərsun Holdinq” MMC-nin dəstəyi ilə muzeyin “Açıq qapı” günü çərçivəsində “Ailə günü” adlı tədbir keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi valideyn və uşaqlar arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası mədəniyyət və incəsənətimizi tanıtmaqdır.

Tədbirin proqramında müxtəlif yaş hədləri nəzərə alınıb. İştirakçılar Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənətinin tarix və mədəniyyəti ilə yaxından tanış olurlar. Onlar muzeydə təşkil olunan ustad dərslərində iştirak etməklə öz yaradıcı bacarıqlarından istifadə edərək özlərinin incəsənət nümunələrini hazırlayırlar.

İştirakçılar tədbirdə muzeyin əməkdaşlarının köməyi ilə kompyuter proqramında virtual xalçanın yaradılması, saxsı qablar üzərində xalça rəsmlərinin və akril boyalarla dibçəklərin üzərində rəngarəng təsvirlərin çəkilməsi, dekorativ bəzək əşyaları, qolbaqların hazırlanması və digər bir-birindən əyləncəli oyunlar və masaüstü tapşırıqları yerinə yetirirlər.

Tədbirə qoşulan iştirakçılar məşhur xalçaçı rəssam Eldar Mikayılzadənin “Xalçanın yaranışı” adlı xalçasının rəsm pazllarını yığmaq imkanı əldə ediblər.

Muzeyin əməkdaşı Püstə Ağayevanın “Klassik və müasir süjetli xalçalar” mövzusunda mühazirəsi dinlənilib və muzeyə mini ekskursiya təşkil olunub. Bundan əlavə, dəvət olunmuş aktyorlar tərəfindən uşaqlar üçün böyük maraq doğuracaq nağıllardan ibarət tamaşalar da təqdim edilib.

Məlumat üçün bildirək ki, tədbirdə hemofiliya və talassemiya pasiyentləri tam olaraq ödənişsiz iştirak edə bilər.

Qeyd edək ki, muzeydə “Ailə günü” tədbirinin hər ayın son şənbəsi “Açıq qapı” günü çərçivəsində saat 11:00-dan 20:00-dək keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.