SİYASƏT


Azərbaycan Xalq Cümhuriyyəti bütün region üçün dünyəvi və demokratik dövlətin nümunəvi məktəbi olub

Bu fikir Respublika Günü münasibətilə Bişkekdə keçirilən qəbulda səsləndirilib

Bakı, 26 may, AZƏRTAC

Azərbaycanın Qırğızıstandakı səfirliyi 28 May - Respublika Günü münasibətilə Bişkekdə rəsmi qəbul təşkil edib.

Qəbulda Qırğız Respublikası Prezidenti Aparatının rəsmiləri, hökumət nümayəndələri, deputatlar, ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və təmsilçiləri, ziyalılar, diaspor fəalları, jurnalistlər iştirak ediblər.

Səfir Hidayət Orucov qəbulda çıxış edərək bildirib ki, 1918-ci il mayın 28-də qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olub. O, XX əsrin əvvəllərində dünyada və regionda yaranan çətin siyasi vəziyyətin ölkəmizin müstəqilliyinin saxlanmasına imkan vermədiyini və Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğradığını söyləyib. Vurğulayıb ki, qısa tarixinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti bütün region üçün dünyəvi və demokratik dövlətin nümunəvi məktəbi olub. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli sərvəti, tariximizin ən parlaq səhifəsidir. Səfir, həmçinin Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin gələn il 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzaladığını diqqətə çatdırıb.

H.Orucov qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın hərbi təcavüzü ilə qarşılaşıb, ərazimizin 20 faizi işğal edilib və bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Vurğulayıb ki, hələ 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Həmçinin BMT-nin Baş Assambleyası, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq təşkilatlar oxşar qərarlar qəbul ediblər. Təəssüf ki, bu cür mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələri hələ də icra olunmur.

Eyni zamanda, səfir qeyd edib ki, hazırda Prezident İlham Əliyev təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti uğurla davam etdirir. Demokratik islahatların həyata keçirilməsi, ölkənin sosial-iqtisadi inkişafı, vətəndaşların hüquq və azadlıqlarının qorunması Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edir.

Diplomat Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrindən danışıb, ölkəmizin müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olduğunu bildirib. Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini deyən səfir ölkəmizdə birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, Formula-1 yarışlarının uğurla keçirildiyini vurğulayıb.

Səfir, həmçinin Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlığın qarşılıqlı dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını, siyasi, ticari-iqtisadi, mədəni, humanitar və digər sahələrdə münasibətlərin inkişaf etdiyini, bir çox beynəlxalq və regional məsələlərdə də mövqelərimizin üst-üstə düşdüyünü qeyd edib. O, Azərbaycan ilə Qırğızıstan arasında bütün sahələrdə möhkəmlənən əməkdaşlıq əlaqələrinin dövlət başçılarının həyata keçirdikləri uğurlu siyasətin prioritet istiqamətləri olduğunu vurğulayıb.

Sonra Qırğızıstanın xarici işlər nazirinin müavini Emil Kaykiyev çıxış edərək 99 il əvvəl yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, böyük nailiyyətlər qazandığını bildirib. O, Azərbaycanın beynəlxalq arenada böyük nüfuz sahibi olduğunu, dünya miqyaslı məsələlərdə vacib rol oynadığını vurğulayıb. Azərbaycan ilə Qırğızıstanı sıx dostluq əlaqələrinin bağladığını və ölkəsinin bu əlaqələrin qorunub saxlanmasında və inkişafında maraqlı olduğunu deyib. E.Kaykiyev bildirib ki, 2018-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur.

Tədbirdə Azərbaycanın tarixinə, sürətli inkişafına, Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsinə, birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, Formula-1 yarışlarına dair videoçarx nümayiş olunub, görkəmli incəsənət ustalarının ifasında Azərbaycan təranələri səsləndirilib, Azərbaycan mətbəxinin təamları təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.