CƏMİYYƏT
Azərbaycan Xalq Cümhuriyyəti çətin və mürəkkəb bir tarixi yol keçib
Bakı, 25 may, AZƏRTAC
Xalqımızın çoxəsrlik dövlətçilik tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti çətin və mürəkkəb yol keçib.
AZƏRTAC xəbər verir ki, bu fikir mayın 25-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 98-ci ildönümü münasibətilə Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) keçirilən “İstiqlal yollarında” adlı tədbirdə səsləndirilib.
Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə “Müsəlman türk dünyasının ilk demokratik respublikası” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixi dövrə nəzər salıb. O, müstəqil respublikamızın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu vurğulayıb.
Bildirilib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi idi. Xalqımızın milli oyanışını və dirçəlişini təcəssüm etdirən, Azərbaycanın milli dövlətçilik ənənələrini daha da zənginləşdirən Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tarixdə silinməz iz qoyub. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərib. Bu respublika mövcud olduğu 23 aylıq qısa müddətdə demokratik dövlət və ordu quruculuğu, iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə mühüm islahatlar həyata keçirib.
Tədbirdə “Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizin şərəfli səhifəsidir”, “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti” mövzularında məruzələr dinlənilib.
Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının, ali hərbi məktəblərin, veteranlar şuralarının əməkdaşları, müharibə veteranları və digər əlaqədar təşkilatların nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan sənədli film nümayiş olunub, hərbi vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.