CƏMİYYƏT
Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizdə silinməz iz qoyub
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) “Azərbaycan Xalq Cümhuriyyəti - şərəf və ləyaqət tariximiz” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümünə həsr olunan tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə “Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan dövlətinin inkişafında mühüm mərhələdir” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi idi. Xalqımızın milli oyanışını və dirçəlişini təcəssüm etdirən, Azərbaycanın milli dövlətçilik ənənələrini daha da zənginləşdirən Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tarixdə silinməz iz qoyub. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərib. Bu respublika mövcud olduğu 23 aylıq qısa müddətdə demokratik dövlət və ordu quruculuğu, iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə mühüm islahatlar həyata keçirib.
AHTM-nin əməkdaşı Zəfər Kərimov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın qədim dövlətçilik tarixinin şanlı səhifələrindən olduğunu diqqətə çatdırıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müstəqil respublikamızın əldə etdiyi mühüm uğurlardan danışıb.
Sonda Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan “Birinci Respublika” adlı qısametrajlı sənədli film nümayiş etdirilib, hərbi vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.
Tədbirdə Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının, ali hərbi məktəblərin, şəhər muzeylərinin və əlaqədar təşkilatların nümayəndələri iştirak ediblər.