REGİONLAR
Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik dövlət idi
Ağsu, 28 may, AZƏRTAC
Ağsuda 28 may - Respublika Günü münasibətilə təntənəli yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirin iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkına gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin abidəsi önünə çiçəklər qoyublar.
Ağsu Rayon İcra Hakimiyyətinin iclas zalında keçirilən tədbirdə çıxış edən icra başçısı Ənvər Seyidəliyev 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı çətin tarixi şəraitdən danışıb.
Rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva “Müsəlman Şərqində ilk respublika – Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda məruzə ilə çıxış edib.
Daha sonra çıxış edənlər cəmi 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyini nailiyyətlərdən, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin müstəqilliyinin möhkəmlənməsindən, qazanılan uğurlardan bəhs ediblər.