REGİONLAR
Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində respublika ideyalarının formalaşmasına böyük təsir göstərib
Tərtər, 29 may, AZƏRTAC
1918-ci il mayın 28-də Azərbaycanda müstəqil, demokratik dövlətin qurulması müsəlman Şərqində respublika ideyalarının formalaşmasına böyük təsir göstərdi və milli dövlətçilik ənənələrinin yaranmasına səbəb oldu. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qısa zamanda həyata keçirdiyi tədbirlər xalqımızın tarixində dərin izlər buraxdı. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, ana dilimizin dövlət dili elan olunması, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və ordu quruculuğu sahəsində atılan addımlar Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdı.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Tərtər şəhərindəki Gənclər Mərkəzində 28 May - Respublika Günü münasibətilə keçirilən tədbirdə səslənib. Tədbirdə çıxış edənlər XX əsrin əvvəllərindəki ictimai-siyasi vəziyyətdən, AXC-nin yaranması və onun həyata keçirdiyi tədbirlərdən, dövlətçilik tariximizdəki rolundan danışıblar.
Çıxışlarda 1991-ci ildə yenidən öz dövlət müstəqilliyinə qovuşan Azərbaycanın daha da inkişaf edərək dünya dövlətləri arasında öz layiqli yerini tutmasında ümummilli liderimiz Heydər Əliyevin xidmətlərindən, müstəqil respublikamızın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlardan da bəhs edilib.
Tədbir Heydər Əliyev adına parkda rayon mədəniyyət evinin Tərtər Xalq Çalğı Alətləri Ansamblının konsert proqramı ilə davam edib.