CƏMİYYƏT
Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin və müsəlman Şərqinin həyatında mühüm rol oynayıb
Bakı, 27 may, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Aparatında 28 May – Respublika Gününə həsr olunan tədbir keçirilib.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Xidmət rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı tarixi şəraitdən söz açıb. Bu bayramın hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu vurğulayan Zaur Abdullayev qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ömür sürməsinə baxmayaraq, ölkəmizin, eləcə də müsəlman Şərqinin həyatında mühüm rol oynayıb. Cümhuriyyət dövrü dövlətçilik ənənələrinin yaradılması ilə də tariximizə yazılıb və bu sırada milli ordu quruculuğunu qeyd etmək xüsusilə vacibdir.
Zaur Abdullayev bildirib ki, bu gün müasir müstəqil Azərbaycanın mövcudluğu Cümhuriyyətin qurucularının xatirəsinə ən böyük ehtiramdır. Ulu öndər Heydər Əliyevin 28 May tarixinə verdiyi qiymətdən söz açan Z.Abdullayev Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarının dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən daha da möhkəmləndirildiyini vurğulayıb.
Sonra tədbir “Zamanın sorağında” sənədli filminin nümayişi ilə davam etdirilib.