SİYASƏT
Azərbaycan Xalq Cümhuriyyəti tariximizə silinməz iz qoyub
Bakı, 27 may, AZƏRTAC
Yasamal Rayon İcra Hakimiyyətinin 28 May - Respublika Günü ilə əlaqədar tədbir təşkil edib.
Əvvəlcə Mərkəzin foyesində 16 saylı musiqi məktəbinin şagirdlərinin ifasında kompozisiya təqdim olunub.
Rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, keçdiyi şərəfli yoldan danışıb, cümhuriyyət hökumətinin süqutunun səbəbləri barədə məlumat verib. Bildirilib ki, XX əsr Azərbaycan xalqının həyatında azadlıq və istiqlaliyyət uğrunda böyük mübarizələr əsri olub. Ötən əsrin əvvəllərində yaradılan Azərbaycan Xalq Cümhuriyyəti 23 aydan sonra süqut etsə də, onun baniləri bu gün də böyük minnətdarlıq hissi ilə xatırlanırlar.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun bölmə rəhbəri, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixi dövrə nəzər salıb. O, müstəqil respublikamızın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu vurğulayıb. Qeyd edib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi idi. Xalqımızın milli oyanışını və dirçəlişini təcəssüm etdirən, Azərbaycanın milli dövlətçilik ənənələrini daha da zənginləşdirən Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tarixdə silinməz iz qoyub. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərib. Bu respublika mövcud olduğu qısa müddətdə demokratik dövlət və ordu quruculuğu, iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə mühüm islahatlar həyata keçirib.
Keçmiş sovetlər birliyində baş verən siyasi proseslərə toxunan Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov XX əsrin sonunda Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması üçün yenidən tarixi şəraitin yarandığını diqqətə çatdırıb. Bildirib ki, SSRİ-nin süqutu ərəfəsində Azərbaycanda yaranan böhran dövlətimiz üçün təhlükələr yaratmışdı. Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan xalqı yenidən dövlət müstəqilliyinə qovuşdu. Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanın böyük uğurlara imza atdı. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir.
Tədbirdə Respublika Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.