CƏMİYYƏT
Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçiliyimizin tarixində müstəsna yeri var
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Akademiyanın inzibati binasında təşkil olunan tədbirdə hərbi təhsil müəssisənin rəis müavini, polkovnik Afət Qurbanov iştirakçıları Respublika Günü münasibətilə təbrik edib.
Sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tarixi barədə tədbir iştirakçılarına məlumat verən Akademiyanın rəis müavini müsəlman Şərqində yaranmış ilk demokratik respublikanın mövcud olduğu qısa müddətdə əldə edilmiş nailiyyətlərdən danışıb. O qeyd edib ki, bolşevik işğalından sonra milli dövlətimizin yaratdığı demokratik ənənələrin sovet imperialist siyasəti nəticəsində unutdurulmasına səy göstərilsə də, müstəqillik dövründə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həmin institutlar yenidən bərqərar edilib, vətəndaş cəmiyyəti formalaşdırılıb.
Toplantıda çıxış edən AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçiliyimizin tarixində müstəsna yeri var. Professor Tarix İnstitutunda Xalq Cümhuriyyəti adlı şöbənin açıldığını qeyd edib. Ötən müddətdə Cümhuriyyət tarixi ilə bağlı bir sıra ölkələrin dövlət arxivlərindən vacib sənədlərin toplandığı diqqətə çatdırılıb. Xalq Cümhuriyyətinin dünya xalqları arasında imzamızı təsdiq etdirdiyini diqqətə çatdıran professor Azərbaycan Respublikasının məhz bu dövlətin hüquqi varisi olduğunu vurğulayıb. O, çıxışını ulu öndər Heydər Əliyevin “Müstəqilliyimiz dönməzdir, əbədidir” şüarı ilə başa çatdırıb.