ELM VƏ TƏHSİL
Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü qeyd olunub
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının ildönümü münasibətilə yığıncaq keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsi direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov AXC-nin xalqımızın tarixində oynadığı rolu xüsusi vurğulayıb, cümhuriyyətin görkəmli xadimlərinin xidmətlərindən danışıb. O, Əlyazmalar İnstitutunun əməkdaşları tərəfindən AXC liderlərinin irsinin nəşri sahəsində görülən işlər barədə məlumat verib.
İnstitut direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Aybəniz-Əliyeva Kəngərli AXC-nin tarixinə, cümhuriyyət liderlərinə dair araşdırmaların meydana çıxmasında ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin imzaladıqları sərəncamların rolunu qeyd edib.
İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov AXC-yə həsr edilən bədii ədəbiyyat nümunələri, cümhuriyyəti əsərlərində vəsf etmiş şairlər barədə söz açıb.