ELM VƏ TƏHSİL


Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair arxiv sənədlərinin mənbəşünaslıq təhlili aparılıb

Bakı, 1 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinin keçirilməsi ilə bağlı müvafiq Sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda elmi şuranın qərarı ilə təsdiqlənmiş tədbirlər planının icrasına başlanılıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirlər planına uyğun olaraq, bu elm müəssisəsində “Azərbaycan Xalq Cümhuriyyəti–Osmanlı münasibətlərinin öyrənilməsində Osmanlı mənbələrinin rolu” mövzusunda namizədlik dissertasiyası müdafiə edilib. Dissertasiya işinin müəllifi Rəşad Qasımov, elmi rəhbər tarix elmləri doktoru, professor Anar İsgəndərovdur. Dissertasiya işində tarixşünaslıqda ilk dəfə Osmanlı arxiv sənədləri və materialları mənbəşünaslıq təhlilinə cəlb olunub.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib ki, ulu öndər Heydər Əliyev bu elm müəssisəsinə AXC haqqında bircildlik ensiklopediya lüğəti buraxmağı tövsiyə edib. Tarix İnstitutu isə 2004-2005-ci illərdə ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı çap etdirib. Hazırda həmin ensiklopediyanın yeni nəşri çapdan çıxıb. Ensiklopediya AXC-nin tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir.

Dissertasiya tədqiqatında ensiklopediya barəsində bu sözlər yazılıb: “Azərbaycan tarixinin 1918-1920-ci illər dövründə baş vermiş hadisə və proseslərə obyektiv qiymət verilməsi baxımından ikicildlik Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası xüsusi əhəmiyyətə malikdir”.

Tarix İnstitutunda “Azərbaycan XI-XIV əsrlərdə (“İranın Kembric tarixi” əsasında)” mövzusunda namizədlik dissertasiyasının müdafiəsi də olub. Dissertasiya işinin müəllifi Sevda Abdullayeva, elmi rəhbər AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundovadır.

Qeyd edək ki, son illərdə xarici ölkələrdə Azərbaycan tarixi ilə bağlı yazılmış əsərlər xüsusi dissertasiya mövzuları kimi tədqiq olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.