SİYASƏT
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin parlaq səhifələrindəndir
Bakı, 27 may, AZƏRTAC
Dövlətçilik tariximizin parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 illiyi münasibətilə mayın 27-də Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında tədbir keçirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən alay komandiri, polis general-mayoru Zaur Abdullayev xalqımızın azadlıq uğrunda apardığı mübarizənin nəticəsi olaraq dövlətçilik ənənələrimizin bərpa edildiyini, müsəlman Şərqində ilk Cümhuriyyətin yaradıldığını qeyd edib. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, qısa müddətdə həyata keçirdiyi tədbirlər, dəyərli işlərlə tariximizdə böyük iz buraxdığını deyən alay komandiri Cümhuriyyətin yaranmasının xalqımızın milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərdiyini, 71 illik fasilədən sonra Azərbaycanın özünün dövlət müstəqilliyini bərpa etdiyini, bu tarixi varislik üzərində yeni Azərbaycan dövləti yaradıldığını diqqətə çatdırıb. O, ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərində idarəçilikdə buraxılan kobud səhvlər nəticəsində dövlətçiliyin itirilməsi təhlükəsi ilə üzləşdiyini, bu fəlakətin 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışı ilə aradan qaldırıldığını deyib. Ümummilli Liderin xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirdiyini, onun rəhbərliyi ilə qısa müddətdə müstəqilliyimizin təməl prinsiplərinin yaradılaraq möhkəmləndirildiyini bildirib.
Sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli qabaqcıl ziyalılar təbəqəsinin yetişməsinin müstəqil dövlətimizin yaranmasında müstəsna rolundan, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında onların fəaliyyətindən danışıb. O, yeni dövlətçilik fəlsəfəsində müstəqil qərarların qəbul edilməsinin dayandığını qeyd edərək, ölkəmizin regionda müstəqil siyasət yürütdüyünü diqqətə çatdırıb. D.Əzimli, həmçinin ölkəmizin enerji siyasəti, sosial-iqtisadi inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ortaya qoyduğu prinsipial mövqe ilə Azərbaycanın beynəlxalq miqyasda söz sahibi olan ölkə və strateji tərəfdaş kimi tanınmasının müstəqilliyimizin daha da möhkəmlənməsinə, dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət etdiyini deyib.