SİYASƏT
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü Varşavada qeyd olunub
Bakı, 30 may, AZƏRTAC
Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü münasibətilə Varşavada rəsmi qəbul təşkil edilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Polşa xarici işlər nazirinin müavini Bartoş Çixotski və digər hökumət üzvləri, Polşa Seymi və Senatının deputatları, vilayət və şəhər şuralarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, diplomatik korpusun üzvləri, iş adamları, Polşada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, yerli və azərbaycanlı tələbələr iştirak ediblər.
Səfir Həsən Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, qısa müddət ərzində Azərbaycanda ilk parlamentin və hökumətin, dövlət aparatının təşkil edilməsindən danışıb. Bununla yanaşı, H.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Vurğulayıb ki, Azərbaycan xalqının istəyi odur ki, dünya ölkələri öz ədalətli səsini ucaldaraq silah gücünə zəbt olunmuş torpaqlarımızın azad olunmasını tələb etsinlər.
H.Həsənov Azərbaycan-Polşa əlaqələrinin çoxəsrlik tarixindən, münasibətlərimizin bu günündən söz açarkən bu il, həmçinin Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 25 illiyinin qeyd edildiyini xatırlayıb.
Polşa hökuməti adından xarici işlər nazirinin müavini B.Çixotski tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. Nazir müavini iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu qeyd edib. Ölkə rəsmiləri arasında sıx əməkdaşlıq əlaqələrinin mövcudluğuna toxunan Polşa rəsmisi nəqliyyat və infrastruktur, kənd təsərrüfatı, energetika, iqtisadiyyatın müxtəlif sahələrində uğurlu əməkdaşlıq layihələrindən danışıb.
Tədbir Azərbaycan və Polşa incəsənət nümayəndələrinin ifası ilə davam edib. Polşalı xanım Edita Kusior “Sarı gəlin”, Tərlan Şahbazov isə “Azərbaycan” mahnılarını oxuyublar. Mahnılar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbir çərçivəsində ziyafət təşkil olunub, Azərbaycan milli mətbəxinin nümunələri təqdim edilib.