SİYASƏT
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü Kuala-Lumpurda da qeyd edilib
Kuala-Lumpur, 28 may, AZƏRTAC
28 May – Respublika Günü münasibətilə daha bir rəsmi qəbul Azərbaycanın Malayziyadakı səfirliyi tərəfindən Kuala-Lumpur şəhərində təşkil edilib.
Malayziyanın dövlət qurumlarının, ictimaiyyətin, nüfuzlu KİV-lərin nümayəndələrinin, iş adamlarının, diplomatik korpusun rəhbərlərinin və burada yaşayan azərbaycanlıların iştirak etdikləri rəsmi qəbul hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev çıxış edərək Şərqdə ilk dəfə demokratik dövlət dəyərlərini yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın müstəqillik əzmini nümayiş etdirməsindən, yeni tarixi şəraitdə dövlət müstəqilliyini bərpa etməsindən danışıb. O, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyinin qətiyyətlə qorunub saxlandığını və möhkəmləndirildiyini, Ulu Öndərin əzmkar səyləri ilə ölkəmizin davamlı inkişaf strategiyasının əsasının qoyulduğunu deyib. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daxili və xarici siyasətdə əldə etdiyi uğurlardan söhbət açıb.
Q.Allahverdiyev, həmçinin gələn ay Bakıda keçiriləcək birinci Avropa Oyunları barədə qonaqlara məlumat verib. O, ilk dəfə keçiriləcək bu yarışlara ölkəmizdə yüksək səviyyədə hazırlıq işlərinin aparıldığını qeyd edib. Diplomat 2017-ci ildə Azərbaycanın İslam Həmrəylik Oyunlarına da ev sahibliyi edəcəyini diqqətə çatdırıb.
Malayziya hökuməti adından çıxış edən elm, texnologiya və innovasiya nazirinin müavini Datuk Abu Bakar Mohamad Diah bayram münasibətilə Azərbaycan Prezidentini və xalqımızı təbrik edib.
Mərasimdə ölkəmizin müstəqillik yolu, hərtərəfli inkişafı, tarixi abidələri və turizm məkanlarından bəhs edən sənədli film, həmçinin birinci Avropa Oyunlarına həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbir iştirakçıları üçün verilən ziyafətdə milli mətbəximizin nümunələri təqdim olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur