SİYASƏT
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü Vyanada qeyd edilib
Vyana, 25 may, AZƏRTAC
28 May – Respublika Günü münasibətilə Azərbaycanın Vyanadakı səfirliyində rəsmi qəbul təşkil olunub.
Qəbulda Avstriyanın dövlət və hökumət rəsmiləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, işgüzar dairələrin nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.
Mərasimdə ilk olaraq Azərbaycanın və Avstriyanın dövlət himnləri səsləndirilib.
Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov 28 May – Respublika Günü barədə qonaqlara məlumat verib. O, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edib, ömrü qısa olmuş cümhuriyyətin bir çox uğurlara imza atdığını qeyd edib.
Q.İsrafilov bildirib ki, müstəqillik bərpa edildikdən sonra Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və ölkənin müasir inkişaf mərhələsinə qədəm qoyması ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndərin yürütdüyü siyasət və həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan regionun ən sürətli və dinamik inkişaf edən dövlətinə çevrilib. Bu gün Cənubi Qafqazın iqtisadi gücünün önəmli hissəsi Azərbaycanın payına düşür. Dövlətimizin başçısı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan transregional əhəmiyyətli bir sıra enerji və nəqliyyat layihələrinin reallaşmasında təşəbbüsçü və fəal iştirakçıdır. Eyni zamanda, Azərbaycan yerləşdiyi regionda sabitliyin təmin olunmasında da xüsusi çəkiyə malik dövlətdir.
Tədbir çərçivəsində qonaqlar üçün milli mətbəximizin nümunələrindən ibarət ziyafət təşkil olunub.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana