SİYASƏT


Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü Kuala Lumpurda da qeyd edilib

Kuala Lumpur, 25 may, AZƏRTAC

Azərbaycanın Malayziyadakı səfirliyi 28 May – Respublika Günü münasibətilə Kuala Lumpur şəhərində rəsmi qəbul təşkil edib.

Tədbirdə Malayziya Xarici İşlər Nazirliyinin əməkdaşları, Malayziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun, hakim UMNO partiyasının üzvləri, iş adamları, nüfuzlu KİV-lərin təmsilçiləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Malayziyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səslənib.

Malayziyanın kommunikasiya və multimedia nazirinin müavini Dato Jailani bin Johari çıxış edərək bayram münasibətilə Azərbaycan Prezidentini və xalqını təbrik edib.

Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev tədbirdə çıxış edərək Şərqdə ilk demokratik dövlət dəyərlərini yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan etməsi ilə xalqımızın müstəqillik əzmini nümayiş etdirməsindən, bütün təzyiqlərə sinə gərən xalqımızın yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etməsindən danışıb. Ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin suverenliyinin qətiyyətlə qorunub möhkəmləndirildiyini diqqətə çatdıran səfir onun əzmkar səyləri ilə ölkəmizin davamlı inkişaf strategiyasının əsasının qoyulduğunu bildirib. Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikamızın əldə etdiyi möhtəşəm uğurlardan danışıb, ölkəmizin bütün istiqamətlər üzrə sürətlə inkişaf etdiyini vurğulayıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyini vurğulayan səfir mayın 12-dən 22-dək Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları barədə də məlumat verib.

Tədbirdə IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılışının qısa videoçarxı və Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadi inkişafı və uğurlarında bəhs edən, Bakı şəhərinin müasir və tarixi yerlərini özündə əks etdirən film nümayiş olunub.

Tədbirin keçirildiyi binanın foyesində 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar təşkil edilən sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Bayram münasibətilə verilən ziyafətdə milli mətbəximizin nümunələri və şirniyyatlar təqdim olunub.

Tədbir haqda məlumat və fotolar Malayziya Milli Xəbərlər Agentliyinin (BERNAMA) saytında yerləşdirilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.