İQTİSADİYYAT


Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99 illiyinə həsr olunmuş konfrans

Bakı, 26 may, AZƏRTAC

Mayın 26-da "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99 illiyinə həsr olunmuş konfrans keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib və Xalq Cümhuriyyətinin yaradılması ilə bağlı videofilm nümayiş olunub.

Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, qurumun sədr müavini Xaliq Məmmədov XX əsrin əvvəllərində baş vermiş gərgin geosiyasi hadisələrdən, Şərqdə ilk yaradılmış demokratik respublikanın təşəkkülü haqda danışıb. Bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli və milli təfəkkürlü övladları Azərbaycan Demokratik Cümhuriyyətini elan ediblər. Bütün Şərqdə ilk demokratik respublika olaraq parlamentli dövlət idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edilib. Üç rəngli bayrağında türkçülük, islamçılıq və müasirləşmək əksini tapıb.

XX əsrin sonlarında milli mübarizəsini yenidən həyata keçirən ümummilli lider Heydər Əliyevin ətrafında birləşərək müstəqil dövlətçilik dəyərlərini bərpa edib, Azərbaycan müasir, güclü bir dövlətə çevrilib. Hazırda Prezident İlham Əliyev tərəfindən müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi, beynəlxalq dünyaya inteqrasiya olunması ləyaqətlə həyata keçirilir.

Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov XX əsrin gərgin siyasi prosesləri haqda danışıb. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması mühüm tarixi hadisə idi. O vaxtlar xalqımıza qarşı kütləvi soyqırımı törədilirdi, Bakı tamamilə azərbaycanlılardan təmizlənmişdi. Stepan Şaumyan 20 minlik daşnak ordusu ilə ölkənin bütün regionlarında əhalini vəhşicəsinə məhv edirdi. Belə bir gərgin siyasi vəziyyətdə 1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya müsəlman şurasının üzvləri ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəliblər. Bu məqsədlə Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində Azərbaycanın tarixində ilk parlament yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyulub. 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyinin de-fakto tanınması misli görünməmiş qələbələrdən biri idi.

Konfrans tarixçi-alimə ünvanlanan suallarla diskussiya şəklində davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.