İQTİSADİYYAT
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də yeni departament yaradılıb
Bakı, 7 iyun, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də Layihələrin idarə edilməsi departamenti yaradılıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni struktur gəmiçiliyin tabeliyində olan qurum və ya onların müvafiq bölmələrinin göstərdiyi gəmi agentliyi, liman, dibdərinləşdirmə, dərinlik ölçmə, dalğıc, ofşor (lövbər əməliyyatı, yedəkləmə, təchizat, kran gəmiləri xidmətləri) və gəmi təmiri xidmətlərinin iqtisadi səmərəliliyinin və effektivliyinin artırılması, onların fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, kommersiya işinin təkmilləşdirilməsi və əlaqələndirilməsi, yeni layihələrdə iştirak kimi mühüm vəzifələri yerinə yetirəcək.
Departament layihələrdə iştirak üçün zəruri tədbirlərin görülməsi, xidmətlər bazarının öyrənilməsi və təhlili, potensial müştərilərlə danışıqların aparılması, tenderlərdə gəmiçiliyin təmsil olunması kimi funksiyaları da yerinə yetirəcək. Bundan başqa, layihələr daxilində problemləri müəyyənləşdirəcək və həll edəcək.
Strukturun işi təkcə yerli bazarla məhdudlaşmayacaq. Belə ki, departament BP, SAIPEM, TOTAL, PETRONAS, DRAGON OIL kimi nüfuzlu şirkətlərlə əməkdaşlığı daha da genişləndirəcək. Ən əsası göstərilən xidmətlərin səviyyəsi beynəlxalq standart və tələblərə uyğunlaşdırılaraq artırılacaq. Eyni zamanda, departament kənar təşkilatların gəmilərinin (xarici ölkələrin) AXDG-nin zavodlarında təmirə cəlb olunması işi ilə də məşğul olacaq.