İQTİSADİYYAT
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” yeni gəmilər alıb
Bakı, 19 dekabr, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yeni gəmilər alıb.
QSC-dən AZƏRTAC-a bildiriblər ki, alınan gəmilərdən biri böyük Azərbaycan şairi Nəsiminin adını daşıyır və donanmamızın flaqmanı “Prezident Heydər Əliyev” tankeri ilə eyni layihə əsasında inşa edilib. 13 min ton yükgötürmə qabiliyyətinə malik, uzunluğu 149.9, eni 17.3, suya oturumu 7,14 metr olan “Nəsimi” tankeri Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində (TRASECA) neft və neft məhsulları daşıyır.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və “Caspian Marine Services” şirkətinin uzunmüddətli alyans razılaşması çərçivəsində 3 yedək və 2 borudaşıyan gəmi də alınıb. Bu gəmilər “Şahdəniz-2” layihəsində, yeni boru kəmərlərinin çəkilişində istifadə olunacaq. Yedək gəmilərinin hər biri 3044 at gücündə, dartma qüvvəsi isə 38 tondur. 1890 ton dedveytə malik borudaşıyan gəmilərin uzunluğu 81.6, eni 11.3, suya oturumu 3,7 metrdir.
QSC-dən bildiriblər ki, müasir gəmilərin alınması Azərbaycanda gəmi mütəxəssisləri üçün yeni iş yerlərinin açılmasına, istər beynəlxalq, istərsə də yerli yük və xidmət bazarlarında dayanıqlı mövqelərin əldə olunmasına imkan verməklə yanaşı, eləcə də dövlət bayrağımızı dünya sularında dalğalandırmaqla ölkəmizin təbliğinə və bütövlükdə dəniz nəqliyyatının inkişafına xidmət edir.