QAN YADDAŞI


Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində 20 Yanvar faciəsinə həsr olunan anım mərasimi keçirilib

Bakı, 19 yanvar, Elvin Camalov, AZƏRTAC

Yanvarın 19-da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir xalqımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Sonra “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev 20 Yanvar hadisənin tariximizə ən faciəli günlərdən biri kimi, eyni zamanda, qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu bildirib. 20 Yanvar hadisələrindən danışaraq vurğulayıb ki, bu faciə Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, sovet imperiyası rəhbərlərinin ölkəmizlə bağlı apardığı qərəzli siyasətə etiraz əlaməti olaraq küçələrə çıxan dinc əhaliyə divan tutmaq məqsədilə törədilib. Başqa sözlə, 20 Yanvar qətliamı xalqımızın gözünü qorxutmaq, milli oyanışını, torpaq uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi olub.

Gəmiçiliyin rəhbəri qeyd edib ki, böyük qəddarlıqla törədilməsinə baxmayaraq, bu qətliam xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib. Əksinə, xalq daha da birləşib, yenilməzliyini, Vətənə, torpağa sədaqətini, azadlığa qovuşmaq istəyini bütün dünyaya bəyan edib. Rauf Vəliyevin sözlərinə görə 20 Yanvar həm də bizim müstəqilliyə gedən yolumuzu xeyli qısaldıb.

Başımıza gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılması üçün ulu öndər Heydər Əliyevin göstərdiyi səylərdən ətraflı söz açan Rauf Vəliyev, heç nədən çəkinmədən faciənin ertəsi günü ailə üzvləri ilə birlikdə Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyətini vurğulayıb. O, bu hadisəyə hüquqi-siyasi qiymətin də ilk dəfə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra verildiyini diqqətə çatdırıb və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailə üzvlərinə kömək üçün imzaladığı sənədlərin isə Ulu Öndərin bu insanların xatirəsinə nə qədər böyük ehtiram bəslədiyinin göstəricisi olduğunu bildirib.

R.Vəliyevin sözlərinə görə, baş verən hadisə zamanı dənizçilər əsl fədakarlıq və qəhrəmanlıq nümunəsi göstərərək, sovet hərbçilərinin təcavüzünə qətiyyətlə sinə gəliblər. Həm bununla, həm də xalqın mübarizəsi ilə bağlı arxivlərdə kifayət qədər foto və videolar var. Gəmiçiliyin rəhbəri onların həyatlarını riskə atmalarını, ölümün gözünə dik baxmalarını, xalqımızla birlik nümayiş etdirərək tarix yazmalarını diqqətə çatdırıb. Dənizçilər hadisə baş verən zaman və ondan sonrakı günlərdə daim xalqla həmrəy olublar, Bakı buxtasında olan gəmilər Bakıda törədilən qırğınları dünya ictimaiyyətinə çatdırıblar. Gəmilərin gülləbaran edilməsi belə milli birliyə və qəhrəmanlıq tarixinin yazılmasına maneə ola bilmədi.

“Şəhid olan dənizçilərin xatirəsi hər zaman əziz tutulur, daim anılır, adları əbədiləşdirilir. Gəmilərimizə şəhid olan dənizçilərin adları verilərək onların daim anılmasını diqqətdə saxlayırıq və bundan sonra da bu məsələ hər zaman diqqətimizdə olacaq. Həmçinin 20 Yanvar faciəsi zamanı dənizçilərin göstərdiyi qəhrəmanlıqla bağlı film çəkilir. Gələn il bu filmin təqdim olunması nəzərdə tutulub”, - deyə R.Vəliyev vurğulayıb.

Xalqımız qanı bahasına da olsa, istəyinə nail olduğunu, azadlığa və müstəqilliyə qovuşduğunu diqqətə çatdıran Rauf Vəliyev bildirib ki, 20 Yanvar faciəsi azadlıq mübarizəmizin şanlı səhifəsi kimi Azərbaycan xalqının xatirəsindən heç vaxt silinməyəcək. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə güclənən müstəqil Azərbaycanın ərazi bütövlüyünün tezliklə tam təmin ediləcəyinə isə bu gün heç kəsin şübhəsi yoxdur.

Sonra, Qanlı Yanvar hadisələrinin canlı şahidləri - veteran kapitan Kərəm Məmmədov, Məhəbbət Muradov, Səyyar Hacıyev, Rövşən Dəmirov bu faciəni ilkin olaraq dünya ictimaiyyətinə çatdıran, sovet imperiyasının törətdiyi qırğın və vəhşiliyin qarşısını almağa çalışan dənizçilərimizin şücaətindən və qəhrəmanlığından iftixarla danışıblar.

Bildirilib ki, yanvarın 20-də Bakı buxtasında 100-dən çox gəmi lövbər salmışdı. Bu zaman “Sabit Orucov” gəmisi qərargah seçilib və baş verən hadisə ilə bağlı məlumatlar məhz bu gəmi vasitəsilə ötürülmüşdü. O günlər dənizçilər bütün dünyanın diqqətini Bakıdakı qanlı faciəyə yönəltmək üçün gəmilərimizdən hər saat “SOS” siqnalı verirdi. Bununla da qəhrəman dənizçilər həyatlarını riskə ataraq Bakı buxtasında imperiya ordusu ilə qeyri-bərabər mübarizəyə qalxıb. Həmin dövrdə əksər gəmilərimiz ciddi zədə aldı, bəzi gəmilərdə mindən çox güllə, mərmi izləri vardı. Bu cür qəhrəmanlıq sayəsində sovet ordusu dənizçilərlə dialoq aparmağa məcbur qalıb.

Qeyd edilib ki, dənizçilərin şücaəti sayəsində 50-dən çox dənizçi səsimizə səs verib və onlar da 20 Yanvar hadisəsinin dünya ictimaiyyətinə çatdırılmasında həmrəylik nümayiş etdirib. İlk dəfə tarixdə dənizçilərin həmrəyliyi nümayiş etdirilib. Qəhrəman dənizçilər Azərbaycan, rus və ingilis dillərində məlumatlar hazırlayaraq yayıb.

Bu tarixi hadisədə dənizçilərin qəhrəmanlığından və dənizçi peşəsindən qürur duyduqlarını diqqətə çatdıran hadisənin şahidləri Ulu Öndər tərəfindən hadisənin qurbanlarına “20 Yanvar şəhidləri” statusunun verildiyini də vurğulayıb.

Qeyd edək ki, dənizçilərimiz Qanlı Yanvardan sonra başlamış kütləvi repressiyalardan da əziyyət çəkiblər. Həbs edilən 40-a yaxın dənizçi işgəncələrə məruz qalıb.

Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsindən bəhs edən sənədli filmə baxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.