İQTİSADİYYAT


Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Dağıstan” gəmi-bərəsinin modernləşdirilməsi davam edir

Bakı, 12 iyul, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Dağıstan” gəmi-bərəsinin “Zığ” Gəmi Təmiri Zavodunda modernləşdirilməsi davam edir.

QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bütün işlər gəmiçiliyin mühəndis-texniki heyətinin hazırladığı yeni layihə əsasında həyata keçirilir. Layihədə gəminin güc qurğularının dəyişdirilməsi və yeni reduktorların quraşdırılması nəzərdə tutulub.

Hazırda böyük maşın şöbəsində baş mühərriklərin və reduktorların quraşdırılması əməliyyatı gedir. Reduktor baş mühərriklə avar valların arasında yerləşən qurğudur və baş mühərrikin əvəzlənməsi nəticəsində avar vallarla mühərriklərın dövrlər sayında yaranan fərqi tənzimləyir. Yəni, köhnə mühərriklərdən fərqli olaraq, yeni baş mühərriklər dəqiqədə 1000 dövr sürəti ilə fırlanır. Bu sürət isə gəminin layihə sənədlərində nəzərdə tutulmayıb. Yeni quraşdırılan reduktorlar avar valların həmin fırlanma sürətini dəqiqədə 230 dövrə salır.

Məlumat üçün bildirək ki, gəmi-bərədə quraşdırılan bu reduktorlar dünyanın aparıcı şirkəti olan “Wartsila”nın istehsalıdır.

Eyni zamanda, “Dağıstan” bərəsinin istifadəetmə müddəti bitmiş iki köməkçi mühərriki “Hyundai” markalı mühərriklərlə əvəzlənib. Əvəz olunan həm baş, həm də 1000 kilovat gücünə malik köməkçı mühərriklər əvvəlkilərlə müqayisədə daha qənaətcil və effektivdir. Bu mühərriklər avadanlığa göstəriləcək texniki xidməti asanlaşdırmaq baxımından da çox sərfəlidirlər. Köməkçi mühərriklər artıq quraşdırılıb və sınaqdan keçirilib.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi təzə baş mühərrikləri də Finlandiyadan sifariş edib. “Wartsila” W32 markalı mühərrik dünya gəmiqayırma sahəsində lider brendlərdən hesab olunur. Bir sözlə, həddindən artıq ağır çəkiyə malik köhnə mühərriklərdən fərqli olaraq yeniləri öz funksionallığı ilə seçilir.

Avtomobilləri yükləyib-boşaltmaq üçün gəminin yan tərəfindən əlavə qapının da açılması nəzərdə tutulub. Bu isə gəminin istənilən limanda həm arxa, həm də yan qapıdan yük əməliyyatlarının aparılmasına imkan verəcək.

Həmçinin təmir zamanı “Dağıstan” gəmi-bərəsinin bütün idarəetmə sistemləri də dəyişdirilərək daha müasirləri ilə əvəz edilir. Artıq yanacaq yandırma sistemləri əvəzlənməklə buxar qazanı müasirləşdirilir. Bundan başqa, pərlərə nəzarət sistemi, köməkçi burun sükanı, radionaviqasiya və elektrik avadanlıqları da təzələri ilə əvəzlənir. Bərənin bütün köməkçi – yağ, su, balast sistemləri və sair əsaslı təmir olunur.

Sonda gəmi-bərə tərsanəyə qaldırılacaq, onun gövdə və sualtı hissələri də təmir olunub xüsusi boyalarla rənglənəcək.

Görüləcək təmir işləri bərənin yanacaq sərfiyyatını 25-30 faizə qədər azaltmağa imkan verəcək. Yekunda yeni avadanlıqların sərfiyyatını dəqiqləşdirmək məqsədilə gəmi sınaqdan keçiriləcək. Təmirdən sonra bərə 14-15 uzellə səfərlərini davam etdirəcək.

Məlumat üçün bildirək ki, yükgötürmə qabiliyyəti 2425 ton olan “Dağıstan” bərəsi 1984-cü ildə istifadəyə verilib. Bərənin avtomobil və vaqon daşımaq üçün 2 göyərtəsi var. Alt göyərtə avtomobil, üst göyərtə isə vaqon daşımaq üçün nəzərdə tutulub.

Xatırladaq ki, Xəzərdə yeganə bərə operatoru olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 13 gəmi-bərəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüklərin daşınmasına xidmət edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.