ELM VƏ TƏHSİL


Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası Avey dağında tədqiqatlar aparır

Bakı, 24 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiyanın Tokio Universiteti Muzeyi və “Avey” Dövlət Tarix Mədəniyyət Qoruğu arasında bağlanmış üçtərəfli beşillik beynəlxalq memoranduma əsasən, Avey dağı ərazisində Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası arxeoloji tədqiqatlara başlayıb.

Beynəlxalq ekspedisiyaya Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Mənsur Mənsurov, “Avey” Dövlət Tarix Mədəniyyət Qoruğunun müdiri Səadət Əliyeva, Tokio Universiteti Muzeyinin rəhbəri, professor Yoşihiro Nişiaki başçılıq edir.

Hələ 2015-ci ildə Tokio Universitetində ingiliscə dərc edilən Azərbaycan-Yaponiya arxeoloqlarının birgə apardıqları kəşfiyyat xarakterli tədqiqatların hesabatında Cənubi Qafqazda ilk neolit (Yeni Daş dövrü, e.ə. 7-ci minillikdən e.ə. 6-cı minilliyədək) mədəniyyəti, əcnəbi mənşəli ərzaq istehsal edən iqtisadiyyata malik daha qədim yerli mezolit (Orta Daş dövrü, e.ə. 12 minillikdən e.ə. 8-ci minillik arası) icmaları tərəfindən yaradıldığı ehtimal olunur. Amma mezolit icmaların arxeoloji detalları və arxeoloji landşaftı hələlik tam aydın deyil. Vaxtilə azərbaycanlı tədqiqatçılar regionda Damcılı və Daş Salahlı kimi mezolit obyektlərini aşkar ediblər ki, bu da dünya arxeoloqları arasında ciddi maraq doğurub.

Arxeoloji qazıntıya müxtəlif elm sahələri üzrə geniş tədqiqatçı komandası cəlb edilib. Yaponiya tərəfindən arxeoloqlar Hiroto Nakato Çia Akaşi, Seyci Kadovaki, Kazuya Şimoqama, Sayci Arai, Hirose Masato, Toru Tamura, Humika İkeyama və Azərbaycan tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutunun neolit dövrü vulkanik mənşəli daş alətlər üzrə ixtisaslaşan əməkdaşı arxeoloq Şahin Səlimbəyov ərazidə tədqiqatlar aparırlar.

Beynəlxalq ekspedisiyanın arxeoloji araşdırmaları iyulun 30-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.