MƏDƏNİYYƏT


Azərbaycan Yazıçılar Birliyində “Okno v Veçnost” kitabının təqdimatı keçirilib

Bakı, 22 dekabr, AZƏRTAC

Dekabrın 22-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “LUÇ” Ədəbi-Yaradıcılıq Assosiasiyasının təşkil etdiyi “Azərbaycanın müasir rusdilli ədəbiyyatı: əməkdaşlıq məsələləri” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə “LUÇ” Ədəbi-Yaradıcılıq Assosiasiyasının ictimai birliklər, orta və ali məktəblər və nəşriyyatlarla qarşılıqlı fəaliyyəti müzakirə olunub.

Təşkilatın sədri, Əməkdar Elm Xadimi, professor, türkoloq, şair-tərcüməçi Tofiq Məlikli “LUÇ” Ədəbi-Yaradıcılıq Assosiasiyasının üzvü olan müəlliflərin toplusunun hazırlanması barədə qısa məlumat verdikdən sonra ölkəmizdə rus dili və ədəbiyyatına artan maraqdan danışıb.

Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar Azərbaycan və Rusiya arasında ədəbi əlaqələrdən, ölkənin rusdilli yazıçılarının yaradıcılığından bəhs edib. Bildirib ki, Azərbaycanda rus dilində çoxlu qəzet, jurnal, kitab nəşr olunur və bu prosesdə “LUÇ” Assosiasiyasının da öz rolu var.

Milli Məclisin deputatı Asim Mollazadə, Bakı Slavyan Universitetinin ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının müdiri Naida Məmmədxanova, “Literaturnıy Azerbaydjan” jurnalının şöbə müdiri Alina Talıbova və digərləri ölkə həyatında rus dilinin yerindən, uzaq və yaxın xaricdə ədəbi əlaqələrdən söz açıblar.

Tədbir çərçivəsində “LUÇ” Ədəbi-Yaradıcılıq Assosiasiyasının üzvlərinin əsərlərindən ibarət olan və “Elm və təhsil” nəşriyyatında buraxılmış “Okno v Veçnost” (“Əbədiyyətə pəncərə”) kitabının təqdimatı keçirilib. Kitaba Azərbaycanın Xalq Yazıçısı Çingiz Abdullayev, Əməkdar İncəsənət Xadimi Natiq Rəsulzadə, Əməkdar Jurnalist, Milli Məclisin deputatı Elmira Axundova, Əməkdar Elm Xadimi Tofiq Məlikli, yazıçı-fantast, “Mleçnıy Put” ədəbi jurnalının baş redaktoru Pavel Amnuelin (İsrail) və başqalarının əsərləri daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.