İQTİSADİYYAT
Azərbaycan "mobil hökumət" konsepsiyasının reallaşdırılmasına hazırlaşır
Bakı, 31 avqust, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Mobil Hökumət Konsepsiyasının hazırlanması və həyata keçirilməsinə başlanılması məsələsi müzakirə edilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu barədə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə məlumat verib. O qeyd edib ki, "Elektron hökumət"in formalaşdırılması dövlət idarəçiliyinin müasir tələblərindən biridir.
"Azərbaycanda bu sahəyə ciddi diqqət göstərilir. Ölkədə qəbul edilmiş qərarlar, yaradılmış hüquqi baza vətəndaşların dövlət xidmətlərindən əlverişli şəkildə istifadəsinə xidmət edir. İnternetin və mobil rabitənin əhatə dairəsinin genişlənməsi və vətəndaşların onlardan fəal istifadəsi "elektron hökumət" həllərinin inkişafı, mobil tətbiqlərin yaradılması və "mobil hökumət" konsepsiyasının reallaşdırılmasını zəruri edir", - deyə nazir müavini bildirib.
E.Vəlizadənin sözlərinə görə, Azərbaycanda indiyədək görülmüş işlər ölkədə ən müasir texnologiyalara əsaslanan səmərəli dövlət idarəçiliyinin formalaşmasına xidmət edir.