ELM VƏ TƏHSİL
Azərbaycan alimi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin tədbirində iştirak edib
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İbrahim Qabulov Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən keçirilən beynəlxalq tədbirdə iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, AEBA-nın Avstriyanın Vyana şəhərində yerləşən baş qərargahında keçirilən tədbir “Radioaktiv mənbələrin təhlükəsiz və mühafizəli şəkildə idarə edilməsi üçün mövcud olan tövsiyələrin üzv ölkələrdə yerinə yetirilməsi və müvafiq təcrübələrin bölüşməsi” mövzusuna həsr edilib. Tədbirdə 101 ölkədən 180 nümayəndə iştirak edib.
AEBA ekspertləri və nüvə elmləri sahəsində aparıcı ölkələrin mütəxəssisləri radioaktiv mənbələrdən istifadə zamanı onların təhlükəsizliyinə və mühafizəsinə dair aparılan işlər barədə iştirakçılara məlumat verib və onları maraqlandıran sualları cavablandırıblar.
İştirakçılar AEBA ilə təhlükəsizlik sahəsində gələcək əməkdaşlığa dair təklifləri müzakirə edib və sonda tövsiyələr tədbirin katibliyinə təqdim olunub.