ELM VƏ TƏHSİL
Azərbaycan alimi Böyük Britaniyada Oksford Akademiya İttifaqının təsisçiləri və üzvləri sırasında yer alıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) tektonofizika və geomexanika şöbəsinin rəhbəri, akademik Hətəm Quliyev Böyük Britaniyada Oksford Akademiya İttifaqının təsisçiləri və üzvləri sırasında yer alıb.
Yeni qurum elm və təhsil liderlərinin Oksford sammitində imzalanmış memorandumla yaradılıb.
Geologiya və Geofizika İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC–a bildiriblər ki, Avropa Biznes Assambleyası tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycandan əlavə 30-dan çox ölkə təmsil olunub.
H.Quliyevin təsisçilərin sırasında yer alması sammitin təşkilat komitəsinin təklifi ilə reallaşıb. Həmçinin Azərbaycan aliminə ittifaqa üzvlük barədə sertifikat təqdim olunub.
Sammit çərçivəsində təşkil olunmuş “dəyirmi masa”da “Gələcəyin universiteti”, “Təhsilin, elmin və istehsalatın effektiv inteqrasiya formaları” və “Təhsil prosesinin yaxşılaşdırılması” mövzuları ətrafında müzakirələr aparılıb.
Tədbirin sonunda “Gələcəyin universiteti” mövzusunda beynəlxalq müsabiqənin mükafatlandırılma mərasimi təşkil olunub, qaliblər müxtəlif diplom və sertifikatlarla təltif ediliblər.
Temza Dolinası Ticarət-Sənaye Palatasının nümayəndələri ilə görüş və Vindzor qəsrinə ekskursiya da yer alıb.
Səfər çərçivəsində Azərbaycan alimi “bp” şirkətinin məsul işçiləri ilə də görüşüb. GGİ ilə şirkətin birgə apardıqları tədqiqatların hazırkı mərhələsi müzakirə olunub. Prioritet elm sahələrində görülən işlərin mühüm nəticələr verəcəyinə, yeni texnologiyaların elmi əsaslarının hazırlanması üçün imkan yaradacağına əminlik ifadə olunub, bu məqsədlərə yönəlmiş beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsi zəruri hesab edilib.