ELM VƏ TƏHSİL
Azərbaycan alimi Dünya Türk Forumunda çıxış edəcək
Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dünya Siyasəti İnstitutunun direktoru, AMEA-nın “Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları komissiyası”nın “Azərbaycanlılara qarşı soyqırımı siyasəti” yarımkomissiyasının rəhbəri, Milli Məclisin deputatı, professor Musa Qasımlı aprelin 24-25-də İstanbulda keçiriləcək IV Dünya Türk Forumunda “Rusiya və Gürcüstan arxiv materialları əsasında Şərqi Anadoluda və Cənubi Qafqazda şərait və erməni silahlı dəstələrinin fəaliyyətləri (1917, fevral – 1918, fevral)” mövzusunda məruzə ilə çıxış edəcək.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, məruzədə Birinci Dünya müharibəsinin son mərhələsində, xüsusən 1918-ci il martın 31-də törədilən soyqırımınadək olan müddətdə Şərqi Anadoluda və Cənubi Qafqazda dinc türk-müsəlman əhalinin kütləvi şəkildə qətlə yetirilməsi çox mötəbər arxiv mənbələri əsasında təqdim ediləcəkdir.