ELM VƏ TƏHSİL
Azərbaycan alimi İtaliyada keçirilmiş Avropa korroziya konqresində məruzə edib
Bakı, 17 sentyabr (AZƏRTAC). İtaliyanın Piza şəhərində Avropa korroziya konqresi keçirilib.
AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutundan AZƏRTAC-a bildiriblər ki, beynəlxalq tədbirdə bu elm müəssisəsinin Elmi texniki informasiya söbəsinin müdiri, texnika elmləri doktoru, professor Leylufər Əliyeva iştirak edib.
DECHEMA və İtaliyanın Metallurgiya Birliyi tərəfindən təşkil edilmiş konqresə 26 ölkədən olan alim və mütəxəssislər qatılıblar. Burada 10 tədqiqat istiqaməti üzrə 245 məruzə dinlənilib və 186 stend nümayiş etdirilib.
Tədbirdə professor Leylufər Əliyeva “Neft emalı zavodlarının avadanlıqlarının korroziyadan inhibitor vasitəsilə müdafiəsi” mövzusunda məruzə ilə çıxış edib.